Təhsil sistemində ilk mobil dərsliklər hazırlanır

tehsil

24327

Təhsil sistemində ilk mobil dərsliklər hazırlanır

Noyabrın 26-da Kəlbəcər rayon 19 nömrəli tam orta məktəbdə təhsil müəssisəsinin 5-7-ci siniflərində “Səsli dərslik” lərdən istifadə imkanları” adlı məlumatlandırma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şagirdlərə layihə çərçivəsində hazırlanmış www.sesliderslik.az saytından istifadə imkanları izah edilib və onlara informasiya verəcək bukletlər paylanılıb.
Dəyişən və inkişaf edən dünyada yeni innovativ dərsliklərə ehtiyac gündən-günə artmaqdadır. Yeni texnoloji sıçrayış özü ilə bərabər yeni öyrənmə metodları və resursları gətirməkdədir. Bu baxımdan son dövrlərdə ölkəmizdə innovativ əsaslara söykənən tədris resurslarının yaradılması istiqamətində böyük işlər görülüb və görülməkdədir. Bu innovativ resurlardan biri ötən tədris ilindən başlayaraq orta ümumtəhsil müəssisələrində istifadə edilən “Səsli dərslik” lərdir. Bu resurlar ölkəmizdə ilk dəfə olaraq 2018-2019 –cu tədris ilində Təhsil Nazirliyinin həyata keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi çərçivəsində Kəlbəcər rayon 19 nömrəli tam orta məktəbin müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Nofəl Şirinovun layihəsi əsasında yaradılıb. Yaradılan resurslara böyük marağın olması və dövrün tələbatını nəzərə alan Təhsil Nazirliyi layihəni maliyyələşdirməklə yanaşı, bu ideyanı genişləndirərək bir sıra fənlər və siniflər üzrə “Səsli dərslik”lərin yaradılmasına başlayıb və qənaətbəxş nəticələr əldə olunub. Hazırda bu iş uğurla davam etdirilir. Təkcə son dövrdə Təhsil Nazirliyinin elektron dərslik portalına edilən müraciətlərin çoxluğu onu göstərir ki, bu dərsliklərə böyük maraq və tələbat var.
“Səsli dərslik” mobil tətbiqi layihəsi III qrant müsabiqəsinə təqdim edilib və qalib olub. Bu layihə ilə ölkəmizdə ilk dəfə olaraq mobil dərsliklərin yaradılmasına başlanılıb. Yeni yaradılan mobil dərsliklər şagirdlərin öyrənmə marağının artırılmasına xidmət etməklə yanaşı, onların nitq qabiliyyətinin inkişafında, görmə imkanı məhdud və digər əlilliyi olan məktəbyaşlı uşaqlar arasında isdedadların aşkara çıxarılmasında böyük rol oynayacaq.