Azərbaycan ilə Türkiyənin təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

tehsil

21465

Azərbaycan ilə Türkiyənin təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Təhsil naziri Ceyhun Bayramovun dəvəti ilə Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Yekta Saraç Azərbaycanda səfərdə olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər düzülüb, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib.
Sonra Yekta Saraç rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycan Dillər Universiteti tərəfindən təşkil edilən tədbirdə iştirak edib. Tədbirdə Yekta Saraça universitetin fəxri doktoru adı verilib.
Daha sonra Təhsil naziri Ceyhun Bayramov ilə Yekta Saraç arasında ikitərəfli görüş keçirilib. Görüşdə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”na istinad edilərək iki ölkənin ali təhsil müəssisələri arasında sıx əlaqələrin olduğu vurğulanıb, bu əlaqələri daha da genişləndirmək məqsədilə ali təhsil sahəsində hər iki ölkənin mövcud problemləri və gələcək inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Noyabrın 26-da Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Yekta Saraç BDU-nun Azərbaycan-Türkiyə ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasında rolunu xüsusi vurğulayıb və ali təhsil müəssisəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb.