Bakı Ali Neft Məktəbinin komandaları III Robot Olimpiadasının qalibi olub

tehsil

18603

Bakı Ali Neft Məktəbinin komandaları III Robot Olimpiadasının qalibi olub
Bakı Ali Neft Məktəbinin komandaları ölkəmizdə 8-19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən III Robot Olimpiadasının qalibi olub.

Ümumilikdə, 6 kateqoriya üzrə keçirilən olimpiadada 30 müəssisədən 62 komanda iştirak üçün qeydiyyatdan keçib. Bundan əlavə, olimpiadada ilk dəfə Gəncə, Sumqayıt şəhərlərindən və Lənkəran rayonundan olan yeniyetmə və gənclər də iştirak ediblər.

BANM-dən AZƏRTAC-a verilən məlumata görə, III Robot Olimpiadası Heydər Əliyev Mərkəzində “İnnovasiya festivalı” çərçivəsində Gənclər və İdman, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Bildirilib ki, BANM Olimpiadada “Open Senior” kateqoriyası üzrə 2 komanda ilə təmsil olunub. Bu kateqoriya üzrə 10 komanda qeydiyyatdan keçsə də, yarış zamanı yalnız 5 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Bakı Ali Neft Məktəbini təmsil edən komandalar I və III yerin qalibi olublar.

Birinci yerin qalibi Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinin 2-ci kurs tələbələri Eyvaz Nəcəfli, Rüstəm Məmmədli və Əli Əsgərovun üzvü olduğu “TechNoBotics” komandası olub.

Üçüncü yerə isə ali məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinin 2-ci kurs tələbələri Azər Əliyev, Məryəm Allahverdiyeva, Tural Həsənov və Neft-qaz mühəndisliyi fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Tahirovun təmsil olunduğu “Cosa Nostra” komandası çıxıb.

BANM-in I yerə çıxan komandası noyabr ayının 8-10-da Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanıb.

Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak etsə də hazırda bu say 70-i ötüb.

Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.