Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir

tehsil

20034

Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forum iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ulu öndəri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə beynəlxalq forumun əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış ediblər.
Çıxışlardan sonra akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən plenar iclasda Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Qafqazşünaslığın aktual problemləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə edib.
Forum öz işini 24 bölmədə davam etdirəcək. Bölmələrdə “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr və terror”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti”, “Qafqazda geosiyasi şərait”, “Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” mövzularında müzakirələr aparılacaq.
Xatırladaq ki, Qafqazşünasların I Beynəlxalq Forumu 2017-ci ildə keçirilib.