Vətəni sevmək də dövlət və milləti sevməkdir.

siyaset

186030

Vətəni sevmək də dövlət və milləti sevməkdir.

Vətən həyata havasını tənəffüslə başladığımız yerdir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın qəbristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir.

Vətən və yurd sevgisi təkcə insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on kilometrlərlə yolu qət edib geriyə vətənlərinə dönürlər.
Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir.
Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır.
Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını təmin etməyə çalışmaqdır.
Ata babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Çünki vətən, hər nə bahasına olursa olsun müdafiə etmək məcburiyyətində olduğumuz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, mənəviyyatı, dili, bayrağı, mədəniyyəti və əxlaqı bir olan millətimizin üzərində yaşadığı torpaq parçasıdır. Vətəni qorumaq millət və dövləti qorumaqdır. Millət vətən üzərində yaşayan böyük bir ailədir. Vətəni hiss edən və yaşadan ictimai vicdandır. Millət dinini, imanını, tarixini, mədəniyyətini, doğrunu-əyrini vətənində tanıyır. Vətən insanlığımızı müqəddəsləşdirən bir məsələdir. Biz onun bağrında yetişir, boya-başa çatırıq.

Nicat Müslümov