Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Belarusda qəbul keçirilib

siyaset

14310

Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Belarusda qəbul keçirilib
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ölkəmizin Belarusdakı səfirliyi tərəfindən qəbul keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbulda çıxış edən səfir Lətif Qəndilov 1920-ci il aprelin 28-də endirilmiş Azərbaycan bayrağının 1991-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən yenidən yüksəldiyini söyləyib. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyev regiondakı vəziyyəti və tarixi təcrübəni nəzərə alaraq, ölkəmizin xarici siyasətini balanslaşdırıb və çoxvektorlu kimi müəyyənləşdirib. Bunun əsas fəlsəfəsi Azərbaycan ətrafında xoş atmosferin yaradılması, dost ölkələrin toplanılması və sayının artırılmasından ibarətdir. Azərbaycan xarici siyasətinin əsas prinsipləri bütün ölkələrlə qarşılıqlı maraq, hörmət və başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi müəyyənləşdirilib. Qeyd olunmalıdır ki, Prezident İlham Əliyev bütün bu siyasəti hazırda uğurla davam etdirir və dünyada gedən proseslərlə əlaqədar zəruri hallarda müəyyən dəyişikliklər edir.

Səfir bildirib ki, ölkələrin coğrafi mövqeyi onların geosiyasətini müəyyənləşdirir. Azərbaycan da bunu nəzərə alaraq, öz xarici siyasətini mühüm enerji, nəqliyyat və iqtisadi layihələr üzərindən qurur. Beləliklə, xarici siyasətin əsas istiqamətləri iqtisadi layihələr vasitəsilə həyata keçirilir. L.Qəndilov Azərbaycanın ərazilərinin 20 faizini işğal edən Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrlə qarşılıqlı etimad və mehriban qonşuluq siyasətinə sadiq qalındığını bildirərək deyib ki, reallaşdırılan bütün layihələrdə Azərbaycan tək özünün deyil, tərəfdaş ölkələrin də maraqlarını nəzərə alır.

Azərbaycan Şərqlə Qərb arasında təbii körpü olduğu üçün həm Şərq, həm də Qərb mədəniyyətlərinin elementlərini özündə birləşdirir. Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Konfransı Təşkilatına, həm də Avropa institutlarına daxildir. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dinlərarası, sivilizasiyalararası və mədəniyyətlərarası məsələlərlə bağlı artıq illərdir ki, Beynəlxalq Humanitar Forum, “Bakı Prosesi” çərçivəsində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi bir çox beynəlxalq tədbirlər keçirilir. On bir ildir ki, dünyanın tanınmış siyasət və dövlət xadimləri dünyanı narahat edən mühüm məsələləri “Bakı Prosesi” çərçivəsində müzakirə edir və bu da ölkəmizin artan etibarının və nüfuzunun göstəricisidir.

L.Qəndilov Azərbaycanın xarici siyasətində mühüm yer tutan Belarusla iqtisadi və humanitar sahələrdə də əməkdaşlığın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Səfir bildirib ki, Azərbaycan ilə Belarus arasında münasibətlərin qarşılıqlı maraqlara və faydalılığa əsaslanan yeni tipi formalaşıb. İkitərəfli münasibətlərdə iqtisadi inteqrasiya və qarşılıqlı kooperasiya əsas götürülür. Artıq Azərbaycan və Belarusun üçüncü dövlətlərin bazarına birgə məhsulla çıxdığı vurğulanıb. Azərbaycan və Belarus prezidentləri arasında dostluq münasibətləri xalqlarımız arasında birlik və bərabərliyin rəmzinə çevrilib. Belarusda yaxın zamanda II Avropa Oyunlarının keçiriləcəyini qeyd edən səfir bu tədbirin böyük idman bayramına çevriləcəyini söyləyib.

Belarusun Baş nazirinin müavini Vladimir Dvornik çıxış edərək Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. V.Dvornik Belarusun alman faşist işğalından azad olunmasında 20 mindən çox azərbaycanlının şəhid olduğunu və onların 7 nəfərinin Sovet İttifaqı qəhrəmanı olduğunu vurğulayıb. Azərbaycanın yüksək iqtisadi inkişaf tempi ilə güclənən dövlət olduğunu bildirib. Qafqazda əsas logistika və nəqliyyat mərkəzi olan Azərbaycanın beynəlxalq arenada bərabərhüquqlu və nüfuzlu iştirakçıya çevrildiyini qeyd edib. Bildirib ki, ölkə rəhbərləri səviyyəsində münasibətlərin yaxınlığı əməkdaşlıq məsələlərinə də töhfə verir.

Tədbirdə Belarus parlamentinin çoxsaylı deputatları, komitə sədrləri, hökumət orqanlarının və ictimaiyyətin nümayəndələri, Belarusda səfərdə olan Azərbaycan Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Belarus xarici işlər nazirinin birinci müavini A.Yevdaçenko, ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, bu ölkədə yaşayan azərbaycanlılar və Minsk şəhərində təhsil alan tələbələr iştirak ediblər.

Həmçinin tədbirdə Belarus Dövlət Filarmoniyasının musiqiçiləri tərəfindən klassik Azərbaycan musiqisi səsləndirilib, “Sarı gəlin” ifa olunub və “Qafqaz Əfsanələri” qrupu tərəfindən Azərbaycan rəqsinin nümunələri təqdim edilib.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə keçirilmiş qəbul Belarusun sb.by və belta.by internet səhifələrində geniş işıqlandırılıb.

Xatırladaq ki, 28 May - Respublika Günü münasibətilə Belarus Dövlət Filarmoniyasında professor Yalçın Adıgözəlovun dirijorluğu altında Belarus Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan klassik musiqilərinin səsləndiyi konsert də keçirilib.
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Belarusda qəbul keçirilib
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Belarusda qəbul keçirilib
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Belarusda qəbul keçirilib
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Belarusda qəbul keçirilib