Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan kursantları arasında idman yarışları başlayıb

siyaset

100170

Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan kursantları arasında idman yarışları başlayıb
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün protokoluna əsasən, aprelin 16-da Ankara şəhərində hər üç ölkənin hərbi məktəbləri arasında dostluq idman yarışlarına start verilib.

Müdafiə Nazirliyindən "Xeberlertv"a bildirilib ki, yarışlarda Azərbaycanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursant və zabit heyəti təmsil edir.

Türkiyə Quru Qoşunları Hərbi Komandanlığının ev sahibliyi ilə keçirilən yarış 3 gün davam edəcək. Yarışlara atletika, futbol, voleybol və digər idman növləri daxildir. Azərbaycan yarışa 36 kursant, 3 zabit və 5 idman müəllimi olmaqla, 44 nəfərlik heyətlə qatılıb.

Əvvəlcə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün heykəli önünə çələng qoyulub, xatirəsinə ehtiram göstərilib.

Sonra Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin rəisi, general İsmayıl Güzəllər təşkil olunan yarışın əhəmiyyətini yüksək dəyərləndirərək bildirib ki, qaliblərin kimliyindən asılı olmayaraq bütün iştirakçılar dost olacaqlar.