Millət vəkili: “Müharibə və dağıntılara görə Paşinyanı hakimiyyətə gətirən, cinayətlərinə göz yuman Qərb dairələri də məsuliyyət daşıyırlar” » XeberlerTv.info

Millət vəkili: “Müharibə və dağıntılara görə Paşinyanı hakimiyyətə gətirən, cinayətlərinə göz yuman Qərb dairələri də məsuliyyət daşıyırlar”

Millət vəkili: “Müharibə və dağıntılara görə Paşinyanı hakimiyyətə gətirən, cinayətlərinə göz yuman Qərb dairələri də məsuliyyət daşıyırlar”



“Nikol Paşinyan qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını itirib, ölkəsini fəlakətə məhkum etmiş rəhbər kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər olunur”.

Bunu millət vəkili Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, Qərb dairələrinin uzun müddət 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistanda bu gün demokratiyanın işartıları belə qalmayıb, ölkə kriminal şəxslərin, neofaşistlərin yuvasına çevrilib: “Əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquq təşkilatı qalmayacaqdı. Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması isə Qəribdə susqunluqla qarşılanır. Bu, haqlı olaraq sual yaradır: Bu ikili standartların səbəbi nədir. Bu ədalətsizlik, selektiv münasibət nə vaxtacan davam edəcək?! Prezident İlham Əliyevə feyk məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs olunması barədə sual verənlər, ümumiyyətlə, Qərb mediası Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir, heç nə baş verməmiş kimi davranır, Paşinyana heç bir sual ünvanlanmır. Ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı xarici mediada hədyanlar yazanlar, bunu sifariş edənlərin əsl kimlikləri, simaları bu gün ortadadır. Onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edirlər, Bərdə, Gəncə, Tərtər və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirirlər. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir”.

M. İbrahimqızının sözlərinə görə, heç kim unutmayıb ki, Paşinyanın hakimiyyətinin hələ 7-ci ayında siyasi motivlərlə həbsə atılmış Haynews.am saytının məsul əməkdaşı Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada vəfat edib: “Qərb dairələri Paşinyan iqtidarının bu cinayətinə də göz yumdu. Hakimiyyətdə olduğu cəmi 2 il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müxalifət partiyasının sədri, deputat Sarukyanı bu gün də həbsdə saxlayan Paşinyanın bu davranışı yenə Qərb dairələrini “narahat etmədi”. Bu cəzasızlıq daha böyük cinayətlərə yol açıb və Paşinyan cinayətləri sırasına hərbi cinayətləri də əlavə edib - Azərbaycana qarşı müharibəyə başlayıb. Müharibə zamanı rusiyalı jurnalist Oleq Kaşin Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün onun akkreditasiyası ləğv olunub və ölkədən çıxarılıb – beynəlxalq jurnalist təşkilatları yenə susublar”.

Millət vəkili qeyd edib ki, müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb: “Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri həbs edilib. Müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir. Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri də daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib. Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avrodan başlayan cərimələr qanuniləşdirilib. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər. Ermənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur. Bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar”.

13 noy , 2020 14:55


Xəbər lenti