"QƏBƏLƏ" Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.

siyaset

34344

"QƏBƏLƏ" Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.

Bu gün təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Ordu quruculuğu onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqilliyimizin, dövlətçiliyimizin qarantı olan Milli Ordu bu gün regionun ən güclü ordusu, xalqımızın güvənc yeridir. Azərbaycanı xarakterizə edən əsas amillərdən biri də sabitlik və dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğudur. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaratmışdır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açmışdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işləri, bu gün Azərbaycanı regionda ən güclü orduya malik olan dövlətə çevirmişdir. Ölkəmiz müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifələrdəndir. Silahlı qüvvələrdə aparılan struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması Azərbaycan Ordusunu keyfiyyətcə yeniləmişdir. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, Azərbaycan ordusu 50 ən güclü ordu sırasındadır. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidən-qurma işləri tamamlanmış, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılmışdır. Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ordumuzun müasir silah-sursatı, müasir texnika ilə təchizatı, eyni zamanda modernləşdirilmiş döyüş təyyarələri, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotları var. Bu da ordumuzun böyük potensialının göstəricilərindən biridir. 25 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında demişdir: “Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir”. Ölkə rəhbərinin çıxışında qeyd etdiyi kimi – Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı. Bu gün ordu quruculuğunda bütün lazımi addımlar atılır. Həm 2016-cı, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir. Həmçinin görüşdə cənab Prezident 15 il bundan öncə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsulların istehsalından, eləcə də hərbi hissələrdə aparılan ideoloji işlərin inkişaf etdirilməsindən söz açmışdır. Qeyd etmişdir ki, vaxtilə Azərbaycan Xalq Cumhuriyyəti antimilli qurum kimi, bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar isə qəhrəman kimi qələmə verilirdi. 1990-cı illərin əvvəllərində Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Bunu hər kəs bilməlidir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu yeni mərhələyə başladı. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmazdı Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi. Bütün bu çətinlikləri dəf etmək üçün də ordunun döyüş qabiliyyətinin artması şərtdir. Azərbaycanın Milli Ordusu bu gün bu üstünlüklərə malikdir. Bütün azərbaycanlılar kimi biz qəbələlilər də Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və inanırıq ki, yaxın zamanlarda üçrəngli bayrağımız Şuşanın, Xankəndinin, bütöv Azərbaycanın üzərində qürurla dalğalanacaqdır.


QƏBƏLƏ

Səmil Şahlaroğlu
Xeberlertv.info