Tural Gəncəliyev kanadalı deputatın Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndəsinə “təbrik məktubu” göndərməsini qınayıb

siyaset

74412

Tural Gəncəliyev kanadalı deputatın Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndəsinə “təbrik məktubu” göndərməsini qınayıb



Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Kanada parlamentinin üzvü Reyçl Harderin ölkəmizin işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə göndərdiyi “təbrik məktubu” ilə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və Milli Məclisdə Azərbaycan-Kanada dostluq qrupunun rəhbəri kimi, Kanada parlamentinin Nümayəndələr Palatasının erməni lobbisinə yaxın olan üzvü Reyçl Harderin Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin nümayəndəsinə göndərdiyi məsuliyyətsiz “təbrik məktubu”nu qınadığını və buna kəskin etiraz etdiyini bildirib. O deyib: “Xanım Harderə xatırladıram ki, Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik ərazilərin qanunsuz işğalını davam etdirərkən, azərbaycanlı əhali 28 ildən çoxdur ki, etnik təmizləmə yolu ilə zorla evlərindən qovulub və təməl insan haqlarından məhrum edilib. Bu müstəvidə, 2020-ci il 31 mart və 14 aprel tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərindəki “seçki şousu”nu “legitimləşdirməyə” cəhd etmək təməl insan hüquqlarına və qanunun aliliyi prinsipinə hörmətsizlikdir. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanada, yekdilliklə qanunun və ədalətin tərəfini tutaraq “seçki şousu”nu qəti şəkildə rədd edib, Azərbaycanla həmrəy olduğunu ifadə edib.

Çox təəssüf ki, Kanada kimi insan hüquq və azadlıqlarına yüksək hörmət nümayiş etdirən bir ölkənin deputatı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinə dəstəyini ifadə edib, bununla da Kanadanın xarici siyasət maraqlarına və əsaslandığı dəyərlərə kölgə salıb. Bir daha bəyan edirəm ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması münaqişənin dinc yolla həllinin - Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşaması və inkişafı yolunda səylərini əsirgəmir, bu məqsəd üçün yorulmadan çalışır. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanadada bizim haqlı mübarizəmizi dəstəkləyənlərə minnətdarlığımızı bildirir, ədalətin əleyhinə olanları isə bu yanlış yoldan çəkinməyə və Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində birgə sülh şəraitində yaşamasına dəstək verməyə çağırırıq”.