“Şaxta babaya məktub”lar oxunub...

medeniyyet

68698

“Şaxta babaya məktub”lar oxunub...Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası “Şaxta babaya məktub” adlı xeyriyyə aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, il ərzində müxtəlif sosial aksiyalar, tamaşa və konsertlərlə həmyaşıdlarını sevindirən “Oyuq”çular ilin sonunu, Yeni il həyəcanını da yaddaqalan edib.

Aksiyada paytaxtın uşaq evi, internat məktəbi və sığınacaqlarında yaşayan 50-60 uşağın Şaxta babaya ünvanladıqları məktublardakı rəngarəng arzuları reallaşdırılıb. Bir neçə gün öncədən aksiya təşkilatçılarının ünvanına göndərilən onlarla istək məktubundakı oyuncaqdan geyimə bütün əşyalar alınaraq tədbir günü Şaxta baba tərəfindən onlara təqdim olunub.

Tədbir bununla məhdudlaşmayıb və balacaların sevimli səhnədəki əsas arzuları – tamaşa nümayişi də reallaşıb. Unudulmaz günün premyerası isə maraqlı ideyası və səhnə yozumu ilə yaddaşlarda iz qoyan “İki meşənin nağılı” tamaşası olub.

Tərtibatçıları Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə olan bu rəngarəng tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olunub.

İki fərqli meşədə baş verən hadisələrin fonunda balacalara sevgi və humanizm aşılayan səhnə işinin əsas ideyasını “dünyanı dostluq xilas edəcək” şüarı təşkil edib.