Bakıda “Gift & Promo 2019” və “AdPrint 2019” sərgiləri işə başlayıb

iqtisadiyyat

11448

Bakıda “Gift & Promo 2019” və “AdPrint 2019” sərgiləri işə başlayıb

Sentyabrın 12-də “Bulvar Hotel Baku”da II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi (“Gift & Promo 2019”) və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) Sərgisi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də dəstək göstərdiyi sərgilərdə 50-dək yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.
Sərginin açılışında çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sektoral sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, KOBİA mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində dəstək göstərir. Belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.
KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və sair olmaqla ümumilikdə 50-dək çeşiddə əl işləri sərgilənir.
Sərgilər “Caspian Event Organisers”in təşkilatçılığı ilə keçirilir və sentyabrın 14-dək davam edəcək.