Nazirlik: Qaimələrin elektron formada təqdimatı sahibkarların işini asanlaşdırıb

iqtisadiyyat

22896

Nazirlik: Qaimələrin elektron formada təqdimatı sahibkarların işini asanlaşdırıb

Elektron qaimə-fakturaların tətbiqi həm idxal olunan malların, həm də ölkə daxilində istehsal edilən malların satış dövriyyələrinin əhəmiyyətli şəkildə şəffaflaşmasına şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov deyib.
O bildirib ki, kassa aparatlarının tətbiqi məcburi olan iaşə, pərakəndə ticarət sahələrində istehlakçılara mallar, işlər və xidmətlər təqdim olunarkən qaimə-fakturaların tətbiqi nəzərdə tutulmur. Elektron qaimə-fakturalar sahibkarlıq subyektləri arasındakı əməliyyatlara aiddir və bu, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə tənzimlənir.
Baş direktor elektron qaimə-fakturaların sahibkarlar üçün çox mühüm üstünlüklər yaratdığını da diqqətə çatdırıb. Belə ki, kağız daşıyıcıda olan qaimə-fakturaların tamamilə aradan qaldırılması və əməliyyatların rəsmiləşdirilməsinin elektron qaydada aparılması sahibkarların işini daha da asanlaşdırıb: “Əvvəllər sahibkarlar kağız qaimələri sifariş etmək üçün mətbəələrə müraciət edirdi ki, bu da həm vaxt itkisinə, həm də maliyyə məsrəflərinə səbəb olurdu. Artıq belə bir elektron xidmətin istifadəyə verilməsi, elektron qaimə-fakturaların bütün ölkə üzrə tətbiqi həm sahibkarlar tərəfindən məmnunluqla qarşılanır, həm də Vergilər Nazirliyi tərəfindən dövriyyələrin distant formada izlənilməsinə imkan yaradır”.