İyunda Azərbaycanda gündəlik neft hasilatı 768 min barrel olub

iqtisadiyyat

21465

İyunda Azərbaycanda gündəlik neft hasilatı 768 min barrel olub

Respublikada iyun ayı üzrə gündəlik neft hasilatı 768 min barrel olub. Bunun 695 min barrelini xam neft, 73 min barrelini kondensat təşkil edib. Gündəlik 471 min barrel xam neft, 72 min barrel kondensat, 19,2 min barrel isə neft məhsulları ixrac olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Cari ilin yanvar-iyun aylarında orta gündəlik neft hasilatı 771 min barrel təşkil edib.
Nazirlik iyunda gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Xatırladaq ki, ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.