“Buta Airways” Bakıdan Xarkova birbaşa aviareyslərə başlayıb

iqtisadiyyat

81567

“Buta Airways” Bakıdan Xarkova birbaşa aviareyslərə başlayıb
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti mayın 3-dən Bakıdan Ukraynanın daha bir şəhərinə - Xarkova birbaşa aviareyslərə başlayıb.
AZƏRTAC xəbər verir ki, aviareyslər çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
Aşağıbüdcəli aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Ukraynaya yeni istiqamətlərin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. "Buta Airways" artıq Bakı və Kiyev arasında müntəzəm uçuşlar həyata keçirir.