9 ayın iqtisadi nəticələri: nə əldə etdik? – Millət vəkili

iqtisadiyyat

36033

9 ayın iqtisadi nəticələri: nə əldə etdik? – Millət vəkili
2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və açıqlanan statistik rəqəmlər Azərbaycanda dayanıqlı iqtisadi siyasətin davam etdiyini göstərir.

Bunu Axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışını şərh edən İqtisadi siyasət, sənaye və sahibkarlıq, aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov deyib. Millət vəkili ölkə üzrə bütün makroiqtisadi göstəricilərdə artım tempinin müşahidə olunduğunu vurğulayıb:

“Qeyri-neft sektorunda mühüm addımlar atılır. Xüsusilə də neft sənayesinin 10,8 faiz artması, valyuta ehtiyatlarının 45 milyarda çatması, büdcə gəlirlərinin 100,2 faiz yerinə yetirilməsi ölkədə aparılan iqtisadi siyasətin özünü doğrultduğunu göstərir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılıb, əhalinin gəlirləri isə 9,5 faiz artıb, inflyasiya cəmi 2,6 faiz təşkil edib. Bütün bunlar nəinki yüksək göstəricilərdir, eləcə də Azərbaycanın gələcək nailiyyətlərindən xəbər verir”.

Millət vəkili Azərbaycanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən də söz açıb:

“TANAP, TAP layihəsi artıq 2020-ci ilə qədər öz bəhrəsini verəcək. Şimal-Cənub, Şərq-Qərb istiqamətində daşınan yüklərin həcmində böyük irəliləyiş var. Təkcə Şimal-Cənub istiqamətində daşınan yüklərin həcmi 100 dəfə artıb. Azərbaycan da tranzit ölkə olmaqla yanaşı, bu işlərdə fəal iştirak edir. Bu isə ölkənin valyuta gəlirlərinin daha da artması deməkdir”.

A.Hüseynov vergi və gömrük sistemində həyata keçirilən islahatları da müsbət qiymətləndirib:

“Vergi və gömrük sistemində şəffaflığın təmin olunması istiqamətində böyük addımlar atılıb. Bu da özünü büdcə gəlirlərində göstərir. Ümumi nəticələrə əsasən ölkə iqtisadiyyatı artan templərlə inkişaf edir”.