Azərbaycan və Estoniyanın nəqliyyat sahəsindəki əməkdaşlığının perspektivləri müzakirə edilib

iqtisadiyyat

41748

Azərbaycan və Estoniyanın nəqliyyat sahəsindəki əməkdaşlığının perspektivləri müzakirə edilib
Azərbaycan və Estoniyanın nəqliyyat sahəsindəki əməkdaşlığının perspektivləri müzakirə olunub.
Xəbərlərtv AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli Tallin şəhərinin Bələdiyyə nəqliyyat müəssisəsi şurasının (“Tallinna Linnatranspordi AS”) idarə heyətinin sədri Denis Borodiç ilə görüşüb. Görüşdə Azərbaycanda və Estoniyada ictimai nəqliyyat sahəsində mövcud vəziyyət və aparılan islahatlardan danışılıb.
D.Borodiç bildirib ki, 2012-ci ildə yaradılmış “Tallinna Linnatranspordi AS” 60 avtobus, 4 trolleybus və 4 tramvay marşrutu üzrə xidmət göstərir: “1600-dan çox əməkdaşın çalışdığı şirkətdə 500-dən çox nəqliyyat vasitəsi mövcuddur. 2013-cü ildən Tallin şəhərində, bu ilin iyul ayından isə Estoniyanın 10 vilayətində ictimai nəqliyyat ödənişsiz əsaslarla fəaliyyət göstərir”.
Səfir M.Nəcəfbəyli isə deyib ki, ölkəmizdə ictimai nəqliyyat sahəsində aparılan islahatlar nəticəsində bu sahədə böyük irəliləyişlərə nail olunub. Bu məqsədlə 2015-ci ildə Bakı Nəqliyyat Agentliyi yaradılıb. Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə son 3 ildə orta və iritutumlu 300-dən çox sərnişin avtobusu istismara buraxılıb: “Hazırda Bakı şəhəri daxilində 65 marşrut üzrə 1094 avtobus fəaliyyət göstərir. Ödəmə sisteminin təkmilləşdirilməsi və elektron vasitələrlə həyata keçirilməsi məqsədilə işlər davam etdirilir, hazırda 25 marşrut üzrə 500 avtobus kart sistemi ilə xidmət göstərir”.
Görüş çərçivəsində tərəflər Azərbaycan və Estoniyanın müvafiq nəqliyyat təşkilatları arasında mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.