“Fransa 2019”: Qadın futbolçulardan ibarət Argentina millisi dünya çempionatlarında ilk xalını qazanıb

idman

17172

“Fransa 2019”: Qadın futbolçulardan ibarət Argentina millisi dünya çempionatlarında ilk xalını qazanıb

Fransanın ev sahibliyi etdiyi qadın futbolçular arasında dünya çempionatının dördüncü günündə - iyunun 10-da iki görüş keçirilib. D qrupunda Argentina – Yaponiya, E qrupunda isə Kanada - Kamerun görüşləri oynanılıb.
AZƏRTAC xəbər verir ki, qolsuz heç-heçə ilə başa çatan Argentina – Yaponiya qarşılaşması Cənubi Amerika təmsilçisi üçün əlamətdar olub. Dünya çempionatlarında üçüncü dəfə iştirak edən Argentinanın qadın futbolçuları bu heç-heçə sayəsində ilk xallarını qazanıblar. Digər oyunda isə Kanada seçməsi Kamerun millisini minimal hesabla məğlub edib.
İyunun 11-də - çempionatın beşinci günündə üç qarşılaşma keçiriləcək. E qrupunda Yeni Zelandiya və Hollandiya yığmaları üz-üzə gələcəklər. F qrupunda isə Çili – İsveç və ABŞ – Tailand görüşləri oynanılacaq.
Dünya çempionatında 24 komanda altı qrupda mübarizə aparır. A qrupunda Fransa, Cənubi Koreya, Norveç və Nigeriya milliləri yer alıblar. Almaniya, Çin, İspaniya və Cənubi Afrika seçmələri B, Avstraliya, İtaliya, Braziliya və Yamayka yığmaları C qrupunda mübarizə aparırlar.
Çempionatın D qrupundan səkkizdəbir finala vəsiqə uğrunda İngiltərə, Şotlandiya, Argentina və Yaponiya, E qrupundan isə Kanada, Kamerun, Yeni Zelandiya və Hollandiya futbolçuları yarışırlar. Sonuncu - F qrupunda isə ABŞ, Tailand, Çili və İsveç seçmələri yer alıblar.
Mundialın görüşlərinə Fransanın 9 şəhəri - Paris, Le Havr, Valensien, Reyms, Renn, Lion, Monpelye, Nitsa, Qrenobl ev sahibliyi edir. Qrup mərhələsinə iyunun 20-də yekun vurulacaq. İyunun 22-25-də səkkizdəbir, 27-29-da dörddəbir final görüşləri keçiriləcək. Yarımfinal qarşılaşmaları iyulun 2-3-də, üçüncü yer uğrunda görüş isə iyulun 6-da oynanılacaq. Final matçı iyulun 7-də Lion şəhərində keçiriləcək.
Xatırladaq ki, dörd il əvvəl Kanadada keçirilmiş dünya çempionatının finalında ABŞ seçməsi Yaponiya yığmasını 5:2 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə isə İngiltərə yığması Almaniya millisini minimal hesabla məğlubiyyətə uğradıb.
Qadın futbolçular arasında ilk dünya çempionatı 1991-ci ildə keçirilib. İndiyədək 7 dəfə təşkil edilən dünya çempionatlarında ABŞ yığması üç dəfə kuboka sahib olub. Almaniya millisi 2, Norveç və Yaponiya seçmələri isə bir dəfə çempion adını qazanıblar.