Füzuli Musayev: FHN-in İdman-Sağlamlıq Mərkəzinin təşkil etdiyi şahmat turnirinə qatılanların sayı ildən-ilə artır » XeberlerTv.info

Füzuli Musayev: FHN-in İdman-Sağlamlıq Mərkəzinin təşkil etdiyi şahmat turnirinə qatılanların sayı ildən-ilə artır

Füzuli Musayev: FHN-in İdman-Sağlamlıq Mərkəzinin təşkil etdiyi şahmat turnirinə qatılanların sayı ildən-ilə artır

Sevindirici haldır ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzinin (İSM) ənənəvi qaydada təşkil etdiyi şahmat turnirlərinə qatılan iştirakçıların sayı ildən-ilə artır.
Bu sözləri İSM-in rəisi polkovnik Füzuli Musayev AZƏRTAC-a müsahibəsində bildirib.
İSM-in və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında keçirilən şahmat turniri barədə məlumat verən F.Musayev deyib: “Bu turnir bizim 2020-ci ildə ilk yarışımızdır. Çempionatda komanda hesabında 12, şəxsi yarışlarda isə 17 iştirakçı mübarizə aparıb. Ümumiyyətlə, FHN-in əməkdaşları arasında idmanın müxtəlif növləri üzrə yarışlar mütəmadi qaydada təşkil olunur. Bu yarışlar arasında şahmat turnirləri xüsusi yer tutur. Belə yarışlar əməkdaşlarımızın asudə vaxtlarını səmərəli təşkilində mühüm rol oynayır. Xüsusi qeyd etmək istərdim ki, komandalarımızda təcrübəli şahmatçılar var. Bir neçə il əvvəl güc nazirlikləri arasında keçirilən şahmat çempionatında məhz bizim əməkdaşlarımız qalib gəlmişdilər”.
Mərkəzin qarşıdakı yarışlarından danışan polkovnik vurğulayıb: “Qarşıda bizi çox güclü yarışlar gözləyir. Onlardan ən əsası voleybol turniridir. Qeyd etmək istəyirəm ki, artıq FHN-ın kişilərdən ibarət “Xilasedici” komandası Azərbaycan çempionatında iştirak edir. Hətta komandamız birinci görüşündə çempionatın lideri “Neftçi” komandasını 3:1 hesabı ilə məğlub edib. Ümid edirik ki, növbəti yarışlarda da qalib gələrək ölkə çempionatının qalibi olacağıq”.

31 yan , 2020 21:00


Xəbər lenti