Ötən ay ANAMA 285 ədəd partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdirib

hadise

168858

Ötən ay ANAMA 285 ədəd partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdirib

Bu ilin mayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Tərtər, Tovuz rayonlarında, Bakı, Gəncə və Sumqayıt şəhərlərində 599 min 356 kvadratmetr ərazi yoxlanılıb, 278 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 6 və tank əleyhinə bir mina (cəmi 285 ədəd) aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyatlara 493 nəfərlik əməliyyat heyəti, 123 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.
Mayda Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 2, Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətindən 20, Dövlət Sərhəd Xidmətindən (DSX) 4, rayon polis şöbələrindən 2 müraciət daxil olub. Müraciətlər əsasında DİN-in, FHN-in, Səhiyyə Nazirliyinin və DSX-nin əməkdaşları ilə birlikdə 26 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Tovuz rayonlarında, Bakı, Gəncə və Sumqayıt şəhərlərində 12 min 330 kvadratmetr ərazi yoxlanılıb, 28 partlamamış hərbi sursat, piyada əleyhinə 6, tank əleyhinə 1 mina və müxtəlif çaplı 99 patron aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Ümumiyyətlə, agentliyin 21 ildən çox fəaliyyəti ərzində 544 milyon 55 min 648 kvadratmetr
ərazi təmizlənib, 807 min 600 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
Mayda mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.