İsveçrədə parlament seçkiləri üçün rekord sayda qadın namizəd qeydiyyatdan keçib

dunya

12879

İsveçrədə parlament seçkiləri üçün rekord sayda qadın namizəd qeydiyyatdan keçib

Oktyabrın 20-də İsveçrədə keçiriləcək parlament seçkiləri üçün rekord sayda qadın namizəd qeydiyyatdan keçib.
AZƏRTAC İsveçrə mətbuatına istinadla xəbər verir ki, parlamentin böyük palatasında (Milli Şura) 200 mandat uğrunda 4596 namizəd mübarizə aparacaq. Onların 41 faizi (1884 nəfər) qadınlardan ibarətdir. Bu, İsveçrədə qadınlara ümumölkə səviyyəsində seçki hüququnun verildiyi 1971-ci ildən bəri ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edilməlidir ki, 2015-ci ildə keçirilmiş parlament seçkilərində namizədlərin 34,5 faizi qadınlardan ibarət idi.
Qarşıdakı seçkilər namizədlərin ümumi sayı ilə də rekord sayılır. Belə ki, onların sayı 4600 nəfərə yaxındır. 2015-ci ildə keçirilmiş parlament seçkilərində namizədlərin sayı 3788 nəfər olub.
Eyni zamanda, namizədlər arasında gənclər xüsusi çəkiyə malikdir: deputat mandatı uğrunda mübarizə aparanların üçdəbirinin yaşı 30-dan aşağıdır. Bern Sosial Tədqiqatlar İnstitutunun politoloqu Kloe Yans namizədlərin sayının artımını qanunvericilikdə aparılan sadələşdirmə ilə izah edib. Əgər əvvəllər kantonlarda namizədlər imzatoplama kampaniyasında müəyyən sayda imza toplamalı idilərsə, hazırda bu baryerlər sadələşdirilib.
Qeyd edilməlidir ki, İsveçrədə qadınlar kişilərə nisbətdə siyasi vəzifələrdə daha az təmsil olunurlar. Kanton parlamentlərində qadınlar mandatların 30 faizinə, Milli Şurada isə 32 faizinə sahibdirlər.