Nikol Paşinyan Xankəndidə etiraz aksiyası ilə qarşılanıb

dunya

366336

Nikol Paşinyan Xankəndidə etiraz aksiyası ilə qarşılanıb

Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər etiraz aksiyaları keçirir. Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndiyə gəlməsindən istifadə edən narazı kütlə separatçı qurumun rəhbəri Bako Saakyanın əleyhinə etiraz aksiyaları keçirib.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, kütlə qarşısında çıxış etməyə çalışan Bako Saakyana imkan verilməyib. Ermənistanın təhlükəsizlik xidmətinin rəhbəri Artur Valentenyan etirazçılarla dialoq qurmağa çalışsa da buna nail ola bilməyib. Aksiya iştirakçıları bildiriblər ki, onlar heç kimi dinləmək istəmirlər. Narazı kütlənin sözlərinə görə, Bako Saakyan və ətrafı burada 20 ildən çoxdur ki, soyğunçuluq və talanla məşğuldur. “Bako Saakyan da Manvel Qriqoriyan kimilərdəndir, onun haqqında araşdırma aparılsın. O, cinayətkardır, gördükləri işlər isə göz qabağındadır. Bunlar bölgədə quldurluqla məşğuldurlar. Kifayətdir, bizim səbir kasamız dolub. Quldur dəstə getməsə biz daha sərt addımlar atacağıq”,-deyə narazı kütlə bəyan edib.
Yerevanda da etiraz aksiyaları keçirilib. Etirazçılar Yerevan zooparkının işdən çıxarılan əməkdaşlarıdır. Aksiya iştirakçılarının sözlərinə görə, Yerevan meri bilərəkdən bu cür addım atır ki, zooparkı ləğv edib ərazini baha qiymətə satsın. İşdən uzaqlaşdırılan sakinlər qeyd ediblər ki, mer və zooparka yeni rəhbər təyin olunmuş şəxs buraya ayrılan pulu mənimsəyirlər. Bu səbəbdən zoopark işçiləri aylardır əməkhaqqı ala bilmirlər.