Yəmənlilər Səudiyyənin bir neçə tank və pilotsuz təyyarəsini sıradan çıxarıblar

dunya

14310

Yəmənlilər Səudiyyənin bir neçə tank və pilotsuz təyyarəsini sıradan çıxarıblar

Qərargahları paytaxt Sənada yerləşən Yəmən Ordusu və Xalq Komitələri (husilər) Səudiyyə Ərəbistanın sərhəd bölgəsi Nəcranda əməliyyat keçiriblər. Bu hücumda Səudiyyə Ərəbistanı koalisiyası hərbi, texniki və canlı qüvvələr baxımından itkilər verib.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, qərargahları paytaxt Sənada yerləşən Yəmən Ordusu və Xalq Komitələri (husilər) ötən gün Nəcranda həyata keçirdikləri əks hücumun görüntülərini yayımlayıblar. Burada bir neçə zirehli texnika və tankın sıradan çıxarıldığı, bir sıra döyüş silah-sursatlarının qənimətə götürüldüyü və Səudiyyə Ərəbistanı koalisiyasının canlı itkilərlə üzləşdiyi görüntüləri yer alıb.

Eyni zamanda Yəmən Ordusu və Xalq Komitələri elan ediblər ki, onlar sahildə yerləşən əl-Hudeyda əyaləti səmasında uçan Səudiyyə Ərəbistanı koalisiyasının ABŞ istehsallı “MQ9” tipli hərbi pilotsuz təyyarəsini vuraraq düşürüblər.

Bu barədə bəyanat verən husilər bildiriblər ki, onlar havadan müdafiə silahlarını inkişaf etdirirlər və gələcəkdə də qarşı tərəfin hava hücumlarının qarşısını almaq imkanları artacaq.

Qeyd edək ki, Səudiyyə koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.