Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 101 illiyinə həsr edilmiş sərgi keçirilib

cemiyyet

32913

Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 101 illiyinə həsr edilmiş sərgi keçirilib

Yasamal rayonunun Heydər Əliyev Mərkəzində Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 101 illiyinə həsr edilmiş sərgi açılıb.

"Xeberlertv" xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Rəssamlar İttifaqının sədri Arif Hüseynov, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə çıxış edən E.Özoral bildirib ki, Türkiyə və Azərbaycan xalqı eyni soykökə malik millətin nümayəndələridir: "Bu gün Türkiyədən gələn qazilər də bizimlədir. Türkiyə və Azərbaycan eyni dinə, eyni dəyərlərə malik dövlətlərdir. Bu iki ölkənin əhalisi bir-birinə çox bağlıdır. Tarixdə bu bağlılığı sübuta yetirən çox hadisələr baş verib. 101 il öncə də Nuru Paşanın Bakıya gəlişi bir daha "bir millət, iki dövlət" cümləsinin mənasını əməli yol ilə nümayiş etdirdi. Bu gün Azərbaycanda 14 şəhid məzarlığı var. Bu millətin Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi liderləri olub. Qafqaz İslam Ordusunun xatirəsi bizim qəlbimizdə əbədiləşdirilib. Həmişə biz bu müqəddəs günü qəlbimizdə əziz tutacağıq. Bizim üzərimizə düşən əsas vəzifələrdən biri də Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etdiyi tarixi unutmamağımızdır".

Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Arif Hüseynov çıxış edərək Nuru Paşanın başçılığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin tarixindən danışıb.

Sərgidə Nuru Paşanın başçılığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsindən bəhs edən rəsm əsərləri nümayiş olunub. Ümumilikdə, sərgidə təsviri sənətin bütün növləri üzrə 35 rəssam 40-a yaxın rəsm əsəri yer alıb.

Sonda sərgidə əsərləri nümayiş olunan iştirakçılar diplomla təltif olunublar.

xeberlertv.info