Bir ailənin 5 üzvü kanalda niyə öldü...

cemiyyet

28620

Bir ailənin 5 üzvü kanalda niyə öldü...


Sentyabrın 9-da gecə saatlarında İmişli rayonunda minik avtomobilinin kanala düşməsi nəticəsində bir ailənin 5 üzvü həlak oldu. Xəbər verildiyi kimi bu dəhşətli faciə İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Qəzada Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb. Nəticədə avtomobildə olan sürücü və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulublar.

Son illərdə Mərkəzi Aran bölgəsində avtomobilin su kanalına düşməsi və insan tələfatı ilə nəticələnən çoxsaylı qəza hadisələri baş verir.

Son bir neçə il ərzində mətbuatda işıqlandırılan hadisələrinin xronikasına nəzər salsaq, təkcə İmişli rayonunda 10-a yaxın belə xəbərə rast gələrik. Digər qonşu rayonlarda da oxşar hadisələr kifayət qədərdir. Bəs bu qəzaların baş vermə səbəbi nədir? Çayların, su kollektorlarının üzərindən keçən yollarda təhlükəsizlik tədbirləri yetərincə görülürmü? Yolların işıqlandırılmaması bu hadisələrdə nə dərəcədə rola malikdir?

Bir ailənin 5 üzvü kanalda niyə öldü...


Bu suallarla bağlı yol hərəkəti üzrə ekspert Azər Allahverənova müraciət etdik.

Kanalın üzərindən küçən yollara nəzarət gücləndirilməlidir

Ekspertin bildirdiyinə görə, yolda hərəkətin təhlükəsizliyi olduqca vacibdir. Ona görə də, hər qəza baş verdikdə aidiyyati strukturların təhqiqat qrupu qəzanın baş vermə səbəblərini araşdırmalıdır: “Təəssüf ki, bizdə qəzaların sayı kifayət qədər çoxdur. Amma bütün qəzalar, xüsusən də insan tələfatı ilə nəticələnən qəzalar varsa, təhqiqat qrupu baş vermə səbəblərini araşdırmalıdır. Hadisə təhqiq olunmalı, ona səbəb olan amillərlə mübarizə aparılmalıdır”.

A.Allahverənovun sözlərinə görə, avtomobilin kanala düşmə hadisələri müxtəlif səbəblərdən baş verə bilər. Bura düzgün olmayan ötmə əməliyyatı, avtomobilin əyləc sistemində və ya digər detalında nasazlıq, havanın dumanlı və ya qaranlıq olması və s. səbəb ola bilər. Ekspert deyir ki, əgər yollar kanalın üzərindən keçirsə, yolun həmin hissəsində zəruri tədbirlər həyata keçirilməlidir. Orada müvafiq nişanlanma işləri aparılmalı, zərbəyədavamlı təhlükəsizlik barmaqlıqları çəkilməlidir.

“İmişli rayonu kimi xeyli rayonlarımız var ki, orada avtomobil yolları çayların üzərindən keçir. Məsələn, Şamaxı rayonunda Ceyrankeçməz çayı var. Buradan Şamaxı avtomagistral yolu keçir. Həmin ərazidə nişanlanma var, amma kanalın üzərindəki dəmir barmaqlıqlar deformasiya olub və istənilən vaxt aşa bilər. Həm sürətli yoldur, həm sərt döngə işarəsi var. Həmin yoldan keçən avtomobillərin çaya düşmə ehtimalı çox böyükdür. Aidiyyati qurumlar avtomagistrallarda təhlükəli ola biləcək yerləri araşdırmalı, tədbir görməlidirlər. Baş verə biləcək hadisə varsa, qarşısı alınmalıdır”, - A. Allahverənov qeyd edir.



A.Allahverənov bildirir ki, təhlükəsizlik tələblərinə cavab verməyən hallar üzə çıxarılmalı və müvafiq qaydada tədbir görülməlidir.

Hər qəza hadisəsi təhlil olunur – DYP

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev isə virtualaz.org-a bildirir ki, DYP əməkdaşları həmişə yol hərəkət təhlükəsizliyinin təmin olunması üçün zəruri olan tədbirləri həyata keçirir: “Çox təəssüflər olsun ki, bəzi hallarda sürücülər, yol-təhlükəsizlik iştirakçıları yol hərəkəti qaydalarına riayət etmirlər və qayda pozuntularına səbəb olurlar. Biz dəfələrlə sürücülərə bununla bağlı tövsiyələr eləmişik. Hər bir sürücü səfərə çıxmamışdan əvvəl nəqliyyat vasitəsinin sazlığına diqqət yetirməlidir. Yolda təhlükəsizlik kəmərindən təkcə sürücü yox, sərnişinlər də istifadə etməlidirlər”.

Şöbə rəisinin sözlərinə görə, sürücülər yol boyu ötmə, manevr qaydalarına riayət etməlidirlər. Yağışlı havada ara məsafəsinə diqqət edilməlidir. Yuxusuz, yorğun halda sükan araxasına əyləşmək yolverilməzdir. İmkan olarsa, sürücülər qısa müddətdə də olsa avtomobili saxlayıb istirahət etməlidirlər. Bunun üçün DYP-nin stasionar postlarında da şərait var. Habelə işıqlandırılmayan yollarda sutkanın qaranlıq saatlarında hərəkət edərkən sürət rejimi yoldakı şəraitə uyğun seçilməlidir.



“Hər yol nəqliyyat hadisəsi üzrə bizim əməkdaşlar tərəfindən ciddi araşdırma aparılır. Təhlilər edilir və baş vermə səbəbi müəyyənləşdirilir. Gələcəkdə belə xoşagəlməz hadisələrin qarşısının alınması üçün zəruri tədbirlər görülür. Hansısa çatışmazlıq olarsa, qısa müddət ərzində aradan qaldırılır”, - R. Quliyev bildirib.

Lakin bölgə müxbirimiz bildirir ki, Saatlı, İmişli, Neftçala, Salyan rayonlarında su kanallarının üzərindən keçən yollarda hərəkət xüsusən qaranlıq vaxtı olduqca risklidir. Çünki yolların kanalların üstündən keçən hissəsində təhlükəsizlik sədləri demək olar yoxdur, həmin yollarda xüsusən nabələd sürücülər üçün ciddi risk yaranır. Onlar düzgün sürət seçməyəndə avtomobil idarəetməni itirir və yoldan çıxaraq su kanalına aşır. Bu zaman yaxınlıqda xilasedicilər olmadığından sürücü və sərnişinlərin boğulması qaçılmaz olur.
Bir ailənin 5 üzvü kanalda niyə öldü...

xeberlertv.info