Ağdamda 175 kq yararsız ətin satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb

cemiyyet

14310

Ağdamda 175 kq yararsız ətin satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları birlikdə keçirilən monitorinq zamanı Ağdam rayonu ərazisində Nəsibov Aydın Məhəmməd oğluna məxsus 04-BL-086 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə 175 kiloqram istehlaka yararsız ət aşkar olunub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşa məxsus VAZ-21074 markalı avtomobilə baxış zamanı avtomobilin yük yerində 1 baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqanoleptik göstəricilərinə görə ətin qansızlaşdırılmasının düzgün aparılmadığı, kəskin iyli, rənginin dəyişdiyi müəyyən edilib. Vətəndaş ilkin izahat zamanı əti Ağcabədi rayonu Aşağı Avşar kənd sakini Əliyev Sahil Pənah oğlunun sifarişi ilə Ağdamın Əfətli kəndindən əldə etdiyini bildirib.
İstehlakı üçün istifadəyə yararsız ətin ölmüş heyvanlara məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb.
Nümunələr Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.