Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq

cemiyyet

17172

Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq

Ölkə ərazisində iyulun 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24°, gündüz 30-35° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı- 755 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 11-dən başlayaraq 12-si günün birinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqi 755 millimetr civə sütunundan 750 millimetr civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.