“ASAN Akademiya 2019” layihəsi başa çatıb

cemiyyet

75843

“ASAN Akademiya 2019” layihəsi başa çatıb

“ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü və “Gilan Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən “ASAN Akademiya 2019” layihəsinin iyunun 28-də bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində karyera sərgisi təşkil olunub. Sərgidə iştirakçılar üçün 10-a yaxın şirkət tərəfindən müxtəlif vakansiyalar təqdim edilib.
Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, “ASAN Akademiya 2019” layihəsi müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunub. İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə tədris prosesindən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyalar təşkil edilib. Layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaq olub.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Gilan Holdinq”in İnsan Resursları Departamentinin direktoru Allahverdi Bağırov çıxış edərək layihənin gənclərin həyatındakı rolundan danışıblar.