"15 iyun Azərbaycanın müstəqil taleyinin həll olunduğu gündür"

cemiyyet

97308

"15 iyun Azərbaycanın müstəqil taleyinin həll olunduğu gündür"

"Milli Qurtuluş günü özəl günlərdən biridir. Bu günlə bağlı çox söz demək olar. Çünki bu gün Azərbaycanın müstəqil olub-olmamasının, müstəqillik taleyinin həll olunduğu gün idi. Əgər Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, Azərbaycana rəhbərlik etməsəydi, hərc-mərcliyi aradan qaldırmasaydı və qarşıdurmaları səngitməsəydi, bizim müstəqilliyimiz çox çətin gərgin vəziyyətə, sual altına düşərdi. Azərbaycan bir dövlət kimi dövlətlər arasında tanınmazdı. Bu gün müstəqilliyimizin başlanğıc günlərindən biridir. Müstəqilliyimiz 1991-ci ildə rəsmi qaydada elan edilsə də, böyük təhlükə qarşısında idi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib.

F. Heydərov hesab edir ki, Milli Qurtuluş gününü müstəqilliyimizin doğum günü kimi də qeyd etmək lazımdır: “Heydər Əliyev müstəqil Azərbaycanımızın əbədiyyətə qədər davam etməsi, dünya dövlətləri arasında tanınması üçün böyük işlər görüb. O həmişə var, yaşayır və nə qədər ki, Azərbaycan var, Ulu Öndər də onunla bərabər yaşayacaq”.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov da APA-ya açıqlamasında 1993-cü ilin iyun ayının 15-nin Azərbaycanın siyasi tarixində Milli Qurtuluş günü kimi qeyd edildiyini, bu tarixin Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlı olunduğunu bildirib: "Öz xilaskar missiyası ilə Ulu Öndərimiz ölkəmizin müstəqilliyini qorudu, ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın, tərəqqinin bünövrəsini qoydu. Bu gün milli qurtuluş təntənəsi müstəqil respublikamızın davamlı və uğurlu inkişafında özünü büruzə verir, Azərbaycanın regionda və dünyada nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi, sözün əsl mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyətini - müstəqilliyini təmin etdi. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onun reallaşdırılması istiqamətində böyük işlər gördü. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq və inkişaf etdirmək idi və bu məqsədə Ümummilli Liderin iradəsi sayəsində nail olundu. O milli dövlətçiliyimizin konsepsiyasını yaratdı”.

Deputat xatırladıb ki, bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olunub: “AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayaraq ona mane olmağa çalışırdı. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun zəngin təcrübəyə söykənən xüsusi siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu, bununla da Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı, ölkədə genişmiqyaslı və əhatəli siyasi və iqtisadi islahatlar həyata keçirildi. Bu gün də Heydər Əliyevin həyata keçirməyə başladığı Azərbaycanın inkişaf konsepsiyası onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz yeni-yeni zirvələr fəth edir, olduqca vacib və dəyərli qələbələr çalır, intibah dövrünü yaşamağa davam edir”.