AMTA meyvə-tərəvəz istehsal edən sahibkarların bu sahədəki bilik və bacarıqlarını artıracaq

cemiyyet

83011

AMTA meyvə-tərəvəz istehsal edən sahibkarların bu sahədəki bilik və bacarıqlarını artıracaq
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Qusar, Quba və Xaçmaz rayonlarında “Regionlarda meyvə-tərəvəz istehsalı sahəsində çalışan kiçik sahibkarların AMTA-ya cəlb olunması, bilik və bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb.
Xəbərlərtv AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsinə dəstək, kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarların ekoloji təmiz və rəqabətə davamlı məhsulların yetişdirilməsi sahəsində maarifləndirmə işinin və fitosanitar qaydalar üzrə təlimlərin təşkili, AMTA–nın regional şəbəkələrin yaranmasına dəstək, kiçik və orta sahibkarların ixrac potensialını genişləndirməkdir.
Layihə çərçivəsində növbəti təlim–görüş bu il sentyabrın 28-29-da Quba rayonunda keçirilib.
AMTA-nın sədr müavini və layihənin rəhbəri Jalə Əmirbəyova assosiasiyanın məqsədi, fəaliyyət istiqamətləri haqqında təlim iştirakçılarını məlumatlandırıb. Layihənin Quba rayonunda 3 istiqamətdə - meyvə bağları, kartofçuluq və açıq sahədə tərəvəz yetişdirən kiçik sahibkarlar üçün əhəmiyyətini vurğulayıb.
Təlimçi ekspert qismində iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Quba regional şöbəsinin müdiri Elvin Şərifov ixrac edilən məhsullarda fitosanitar tələblər və agentliyin yerli və xarici bazarlarda satışa çıxarılan məhsullar üçün tələbləri ilə sahibkarları tanış edib.
Meyvə-tərəvəz üzrə aqronom–mütəxəssis "Modern-Agro" MMC-nin direktoru, AMTA-nın üzvü Eldəniz Doldolov yeni gübrələr, meyvə bağlarına düzgün qulluq, yüksək məhsuldarlıq əldə etmək üçün vacib qaydaları təlim iştirakçılarının diqqətinə çatdırıb.
Təlimin sonunda sahibkarların sualları cavablandırılıb.