Ceyhun Bayramov Pakistanın Baş Qərargah rəisi ilə görüşdü - FOTO » XeberlerTv.info

Ceyhun Bayramov Pakistanın Baş Qərargah rəisi ilə görüşdü - FOTO

 

 

 

 

Bu gün Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikası Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva arasında görüş baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordu generalı Qamar Cavid Bacva Vətən müharibəsində böyük qələbəyə görə təbriklərini Ceyhun Bayramovun diqqətinə çatdırdı. Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, Pakistan ordusunun ölkəmizə verdiyi mənəvi dəstəyi və həmrəyliyi ifadə edib.

Ceyhun Bayramov təbriklərə görə təşəkkürünü bildirib. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli, 44 günlük Vətən müharibəsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə, eləcə də bölgədə mövcud olan cari vəziyyət haqqında qarşı tərəfə ətraflı məlumat verdi. Həmçinin nazir Pakistan tərəfinə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini birmənalı dəstəklədiyi və nümayiş etdirdiyi mənəvi dəstəyə görə qarşı tərəfə dərin təşəkkürünü ifadə etdi.

Tərəflər hazırda Azərbaycanın azad olunmuş ərazilərində aparılan minalardan təmizlənmə fəaliyyəti, bərpa və tikinti işləri, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti də vurğulanıb.

 


14 yan , 2021 16:15


Xəbər lenti