Şəhid gizirin anası: “Yuxuda balamın üstünü palçıqlı gördüm, demə, öz qanı imiş” - MÜSAHİBƏ + FOTO/VİDEO » XeberlerTv.info

Şəhid gizirin anası: “Yuxuda balamın üstünü palçıqlı gördüm, demə, öz qanı imiş” - MÜSAHİBƏ + FOTO/VİDEO

 


 

 

Şəhidlik sözlərlə ifadə edilməyən uca bir zirvədir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək bu zirvəyə ucalan igidlərimiz isə adlarını Azərbaycanın tarixinə silinməz hərflərlə yazdılar.

Bu igidlər uşaq yaşlarından vətənpərvər ruhda böyüdülən həmin oğullardır ki, zamanı gəldiyində gözlərini belə qırpmadan, ailəsini, övladını geridə qoyaraq vətən yolunda canlarından keçdilər.

Onlardan biri də həyatının səkkiz ilini hərb sənətinə həsr edən Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin giziri 30 yaşlı İsgəndərov Emil Vaqif oğludur. Emil Sumqayıtda hərbçi ailəsində anadan olub.

Xeberlertv.com-ın əməkdaşları şəhid gizir Emil İsgəndərovun ailəsini ziyarət edib, onlara başsağlığı veriblər.

Şəhidin atası Vaqif İsgəndərov oğlu barədə bir dəfə yanlış xəbər alıb:

"Sentyabrın 27-dən oğlum döyüşlərə qoşulmuşdu. Emil həm idmançı idi, həm hərbçi. Səkkiz ildən çoxdur hərbçi kimi çalışırdı. Ona o qədər arxayın idim ki, bir gün də olsun ürəyimə gəlmədi ki, oğlum şəhid düşər. Arada zəng edirdi, danışırdıq. Həmişə deyirdi ki, "narahat olmayın, hər şey yaxşıdır”.

Özüm də hərbçiyəm, az-çox danışığından bilirdim ki, hansı istiqamətdədir. Sonuncu dəfə danışanda dedi ki, ata, bir müddət zəng edə bilməyəcəm narahat olma. O gündən 13 gün keçdi. Bir gün dostlarından xəbər eşitdim ki, Laçın dəhlizində yaralanıblar. Atayam, təmkinli olsam da özümü saxlaya bilmədim. Dəqiqləşdirəndə bildik ki, o deyil. İkinci dəfə isə əsgər yoldaşının qardaşı zəng etdi ki, bəs Vaqif əmi, Emili tapmışam. Ürəyim yerinə gəldi, elə istədim soruşum ki, haradadır, salamatdır?... Bir kəlmə dedi ki, Vaqif əmi bağışla, Emil şəhid olub...”

Şəhidin atası deyir ki, birinci dəfə gələn xəbər səhv çıxdığı üçün ümidi olub ki, yenə səhv olar:

"Dedim oğul, dəqiq Emildir? Emilin çiyninə bax, sol çiynində uşaqlıqdan çapıq izi var. Uşaqda pis oldu ki, Emil ilə birlikdə böyümüşük, mən onu tanımıram? Evdə heç kimə demədim, oğlumu da götürüb, birbaşa Emili gətirməyə getdik. Oğlum Vətən yolunda şəhidlik zirvəsinə ucaldı. Vətən sağ olsun, nə deyə bilərəm...”.

Şəhidin anası Tənzilə İsgəndərova isə göz yaşlarına hakim ola bilmir. Ana oğlunun şəhid xəbərini yalnız dəfninə bir neçə saat qalmış bilib:

"Mənə balamın şəhid olduğunu demədilər. Heç olmasa son dəfə evinə gələrdi, elə dəfn olunardı. Böyük oğlum idi. Çox ağıllı övlad, qayğıkeş ailə başçısı idi. Hər dəfə zəng edəndə uşaqlarını soruşardı. Uşaqları da indi atalarını soruşur. Onlara cavab vermək çox çətindir.

Bir müddət əlaqə kəsiləndə çox narahat olurdum. Anayam, yuxularımı qatırdım. Yuxumda Emili yaralı gördüm. Bir dəfə də gördüm ki, yerdə uzanıb, üstü-başı palçıq içindədir. Dedim hərbçidir də, başqa necə olmalıdır ki. Sən demə o palçıq elə balamın öz qanı imiş...Emil vətən uğrunda canını qurban verdi. Bayrağı o qədər sevirdi ki, hər yeri bayraqla bəzəyirdi. Heç bilməzdim balam sevdiyi bayrağa bürünüb üstümə gələr... Ondan geriyə Vətəninə əmanət oğlanları - 3 yaşlı İbrahim və 4 aylıq Nicat qalıb. Evimizdə atasının qisasını alacaq iki əsgər böyüyür”.

Çəkiliş zamanı yerində dura bilməyən, İbrahim dayanmadan atasını "Komandir ata” deyə səsləyirdi. Albomlara baxaraq atasının şəkillərini əzizləyən İbrahim, bəlkə də atasının bir daha geri dönməyəcəyindən xəbərsizdir. 4 aylıq Nicat isə sanki hər şeydən xəbərdarmış kimi hey ağlayırdı.

Şəhid gizirin xanımı Aygün İsgəndərova yoldaşının itkisi ilə barışa bilmir. Hərbçi ilə ailə qurmaq böyük şücaət tələb edir. Aygün xanım, eləcə də digər şəhid xanımları təəssüf ki, bunun nə demək olduğunu sözün əsl mənasında anlamış oldular...

İsgəndər İsgəndərov isə şəhidin ortancıl qardaşıdır. O deyir ki, ailədə üç qardaşdılar və üçü də döyüşlərdə iştirak etmək istəyiblər:

"Emil hərbçi idi. Döyüşlər başlayandan ön cəbhədə idi. Balaca qardaşımla mən də könüllü olaraq döyüşlərə qatılmaq üçün qeydiyyatdan keçmişdik. Qardaşım Əli İsgəndərova cavab gəldi və o da ön cəbhəyə yola düşdü. O getdikdən sonra Emil mənə zəng edəndə, mənim evdə qalıb ailənin, atamın yanında qalmağımı dedi. O mənə atamdan sonra ikinci atalıq edən insan idi. Onun sözü mənim üçün qanun idi. Mən bu gün də inanmıram ki, o şəhid olub. Qardaşıma sonsuz güvənirdim. Elə bilirəm ki, hərbi xidmətdədir, yenə imkan olanda evə gələcək...Amma qismət. Şükür etməyi də bacarmaq lazımdır. Qardaşım torpaq uğrunda şəhid olub, şəhidlik isə ən ali zirvədir. Allah onun da digər şəhidlərin də şəhadətini qəbul etsin, yaralılara şəfa versin, hələ də xidmət aparan əsgərlərimizi sağ-salamat ailələrinə qovuşdursun”.

Şəhid gizirimizin ailəsi ilə vidalaşıb getsək də qulağımızda hələ də balaca İbrahimin "Komandir ata” deyə atasını səsləməsi qalacaq...Allah rəhmət etsin...

Xatırladaq ki, şəhid Emil İsgəndərov 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlının Çardaxlı kəndindən olan şəhidimiz 2011- ci ildə Quba rayonu N saylı hərbi hissənin Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi (XVT) sahəsində Müddətdən artıq hərbi xidmətə başlayıb. 2015-ci ildən Gizir rütbəsi alıb.

Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təxribatına cavab olaraq Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində iştirak edən şəhid gizir Emil İsgəndərov Cəbrayıl rayonu ərazisində nəzarətə, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərə qatılaraq qəhrəmancasına döyüşüb. Son əməliyyatı isə Şuşa şəhərinin işğalçılardan azad olunması uğrunda gedən döyüşlər olub. Şəhidimiz bu döyüşlərdə qolundan iki güllə yarası alıb. Lakin yaralanmasına baxmayaraq, döyüş yoldaşları ilə çiyin-çiyinə döyüşü sona qədər davam etdirib.

Şuşa şəhəri yaxınlığında yanına minaatan mərmisinin düşməsi ilə sol ayağından ağır yaralanıb. Döyüş yoldaşlarının köməyi ilə yaralı halda Şuşa şəhərinə aparılsa da, qanitirmədən şəhid olub.


24 noy , 2020 17:03


Xəbər lenti