Salyanlılar rayon rəhbərliyinə qarşı dərc olunmuş əsassız ittihamları rədd edirlər

cemiyyet

11448

Salyanlılar rayon rəhbərliyinə qarşı dərc olunmuş əsassız ittihamları rədd edirlər


Hazırda bütün dünyada olduğu kimi Azərbaycan ictimaiyyətinin də gündəmində olan bir nömrəli məsələ qlobal pandemiya elan olunmuş koronavirus infeksiyası ilə mübarizədir. Lakin buna baxmayaraq, bir çox yeni tətbiq olunan qaydalar və gözlənilməsi zəruri olan şərtlər daxilində olsa belə, ölkənin ictimai-siyasi həyatı öz axarı ilə getməkdədir. O cümlədən Azərbaycanda aparılan quruculuq işləri, sənaye müəssisələrinin, kənd təsərrüfatı subyektlərinin fəaliyyəti də davam edir. Bu gün ölkə iqtisadiyyatının inkişafına öz dəyərli tövhələrini verməkdə davam edən bölgələrimizdən biri də Salyan rayonudur.

Məlum olduğu kimi, son illər Salyanda taxılçılığın inkişafına xüsusi diqqət verilir. Belə ki, ötən ilin payızında rayonda 16 min 802 hektar taxıl əkilib. Bunun 11 min 246 hektarı arpa, 5 min 556 hektarı isə buğdadır. 2019-cu ildə hər hektar taxıl sahəsindən 38 sentner məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzü gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Bunun nəticəsində də sahələrdə bol məhsul yetişib. Ötən ayın sonlarından Salyan rayonda taxıl yığımına başlanılıb. İndi əsas diqqət biçim kampaniyasının vaxtında başa çatdırılmasına yönəldilib. Bu məqsədlə sahələrə 24 kombayn çıxarılıb, 40 küləkbağlayan pres, məhsulun daşınması üçün 80 maşın və mexanizm sahibkarların istifadəsinə verilib. İşin yaxşı təşkili nəticəsində gün ərzində 200-210 hektar sahədə biçin aparılır və hər hektardan təxminən 34 sentner məhsul yığılır. Bu günədək 832 hektar sahədə biçin aparılır və 2 min 828 ton taxıl yığılıb. Mütəxəssislərin dediyinə görə bu il rayonda təxminən 50 min tondan çox taxıl istehsalı gözlənilir.

Həmçinin Salyanda ictimai binaların təmir-tikinti işləri də yüksək dinamika ilə davam etdirilir. Buna misal olaraq Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı 18 mart 2019-cu il tarixli sərəncama uyğun olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Birləşmiş Uşaq Xəstəxanasının, eləcə də Mərkəzi rayon Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinin əsaslı təmirini, Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin inzibati binasının əsaslı təmirini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Aşağı Kürkənd kəndində 360 şagird yerlik yeni məktəb binasının inşasını və Arbatan kəndində 600 şagird yerlik məktəb binasının əsaslı təmirini, Salyan şəhər 9 saylı 60 şagird yerlik uşaq bağçası üçün yeni binanın inşasını göstərmək olar.

Qeyd edək ki, bütün bu faktlar son bir neçə gündə redaksiyamızın elektron poçtuna Salyan sakinləri tərəfindən ünvanlanan çoxsaylı məktublarda da öz əksini tapmışdır. Əlbəttə ki, bütün bunlar ürəkaçan məqamlardır. Lakin həmin məktublarda sakinlərin diqqət mərkəzinə çəkmək istədikləri məsələ əslində heç də ürəkaçan deyil. Belə ki, məktub müəlliflərinin əsas məqsədi son vaxtlar bəzi saytlarda Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyinə qarşı düzənlənən əsassız “hücumlara” öz kəskin etirazlarını bildirməkdir. Məsələn, aldığımız məktublardan birində deyilir: “Hörmətli redaksiya, öz vəzifələrini vicdanla yerinə yetirməyən dövlət məmurlarının tənqid olunması və cəzalandırılması əlbəttə ki, biz sadə insanların da ürəyimizcədir. Çünki, möhtərəm Prezidentimizin də dediyi kimi, məmur xalqa xidmət etməlidir. Amma başa düşmürük ki, xalqın halına yanan, öz vəzifəsini namusla icra edən, dövlətinə sədaqətlə qulluq edən icra başçılarını niyə narahat edib, işləməyə qoymurlar? Bəzi sizin həmkarlarınızın rayonumuz barədə, rayonumuzun icra başçısı Sevindik müəllim barədə olmazın yalanları yazmaqda məqsədləri nədir? Bir zəhmət çəkib gəlsinlər Salyana, görülən işlərlə, əhalinin yaşam səviyyəsilə tanış olsunlar. Ondan sonra nə nöqsan görərlərsə, yazsınlar. Amma işləyəni ruhdan salmaq, insanların zəhmətini yerə vurmaq qətiyyən yolverilməzdir...” Aldığımız digər bir məktubda isə belə deyilir: “Əlbəttə, deyə bilərsiniz ki, Sevindik müəllim barədə tənqidi yazıları biz dərc etməmişik, bu məktubu bizə niyə göndərmisiz? Amma şəxsən mən həmin sayta da bir neçə dəfə müraciət etmişəm. Nə cavab verirlər, nə də yazılanları nəzərə almırlar. Həqiqət isə budur ki, Salyan Rayon İcra Hakimiyyətinin aparatı bu gün bəlkə də Azərbaycanın ən səmərəli fəaliyyət göstərən icra hakimiyyətlərindən biridir. Gərək insafnan danışasan. Sevindik müəllim bu gün də xalqın arasındadır və dövlətimiz tərəfindən qarşıya qoyulmuş bütün işləri vaxtında həlli üçün də, sakinlərin sosial-məişət problemlərinin həlli üçün də, rifah yüksəlişi üçün də əlindən gələni edir. Bunları inkar etmək günahdır...”