Hindisstanda yox, Neftçalada bitən lotos gülündən, yəni şanagüllədən söhbət açacaq.

bolge

58671

Hindisstanda yox, Neftçalada bitən lotos gülündən, yəni şanagüllədən söhbət açacaq.



Qədim Hindistanda Yer kürəsi suyun səthinə yayılmış nəhəng lotos gülünə, cənnət isə təmiz, məkrsiz qəlblərin, ruhların yaşadığı çəhrayı lotoslarla örtülmüş gölə bənzədilirdi. Bir hind atalar sözündə isə deyilirdi ki, lotos həyatın fırtınalarından yorulmuş gəmisidir. Əməkdaşımız Kürçaylı Məmmədov sizə Hindisstanda yox, Neftçalada bitən lotos gülündən, yəni şanagüllədən söhbət açacaq.


Misirdə lotos müqəddəs sayılırdı. Günəş tanrısı Ranın lotosdan dünyaya gəldiyinə inanırdılar, məhsuldarlıq ilahəsi İsidanın tacı lotos gülündən idi, dirilik tanrısı Osiris lotos yarpağı, işıq tanrısı Qor isə lotos çiçəyinin üstündə oturmuş vəziyyətdə təsvir edilirdi. Ona hətta Nil çayının nişanlısı deyirdilər. Lotos həyat mənbəyi, yaradıcı başlanğıc, mənəvi dünya və mirvarini təmsil edirdi. Lotos və ya şanagüllə bitkisinin sədası ilə uzaqlara yox, yollandıq Neftçalanın Xolqarabucaq kəndinə. Gördüyümüz mənzərə ilk baxışdan bizi valeh etdi.
(interşum)

Neftçalanın Xolqarabucaq kənd sakini Həzrətqulu Kərimov 20 il əvvəl bu ərazini balıq gölməçəsi kimi qazdırıb. Bir neçə ildən sonra tam təsadüf nəticəsində suda şanagüllə bitkisinin boy atdığını görür. Bitki çox çəkmir ki, bütün gölü əhatə edir. İşi belə görən kənd sakini göldə balıq yetişdirməkdən vaz keçir və şanagülləni qorumağa başlayır.


Həzrətqulu Kərimov sakin
“Təxminən bir hardasa 15 gündən sonra gördüm ki, suyun üzündə 3 dənə yarpaq var. Mən elə bildim çinar yarpağıdır. Səhəri günü yenə gördüm ordadı. Gördüm axmır. Sonra maraqlandım gördüm cücərib çıxan şeydi. Bu vaxta qədər elə bir təsadüf olmamışdı”.


İllərdir ki, nadir bitkilərdən olan şanagülləyə yalnız Neftçalanın Xolqarabucaq kəndində rast gəlinib. Şanagüllənin Azərbaycanda yalnız bir növü var ki, o da bu ərazidə bitir. İri yarpaqlara malik olan şanagüllə ildə 3 dəfə - may, iyul aylarının sonlarında və avqustda dan yeri ağaranda tünd çəhrayı rəngdə çiçək açır. O zaman göldə əsrarəngiz bir mənzərə yaranır. Elə buna görə də şanagülləni başqa yerlərdə əkmək istəyənlərin sayı da çoxalıb. Qəribəsi budur ki, başqa ərazilərə aparılan toxumların heç biri cücərməyib.


Həzrətqulu Kərimov sakin
“Bir neçə rayonlardan, Cəlilabaddan, Şabrandan gəliblər maraqlanıblar, kök qarışıq aparıblar, əkiblər sularda. Ancaq məlumat aldım ki, göyərməyib. Maraqlı burasıdır ki, bu bitki özünə münbit şəraiti özü üçün seçib göyərir. Süni sürətdə ona heç bir dəalaət eləmək olmur”.


Elmira Abıyeva bioloq
“Bu bitki başqa rayonlarda, başqa ərazilərdə bitmir. Bunun da səbəbi ondan ibarətdir ki, həmin bitki durğun suları sevən bitkidir. Və bu durğun suları sevdiyi üçün də həmin şərait yaradılmalıdır. Və həmin şərait də Azərbaycanda ən çox Neftçala rayonunun Xolqarabucaq kəndinin durğun sularında olduğu üçün burada daha çox tez-tez rast gəlinir”.


Tədqiqatçıların fikrincə şanagüllənin toxumları 200 ildən sonra da cücərə bilər. Qədim dövrlərdə onun toxumlarından təsbeh, boyunbağı və digər əşyaların düzəldilməsində istifadə olunub. Həmçinin insanlar şanagüllə bitkisinin yarpağından günəşdən və yağışdan qorunmaq üçün də istifadə ediblər. Sakinlər deyir ki, hətta körpə uşaqları bitki yarpağının içinə qoyub yatızdıranlar da olub. Şanagüllənin toxumları və kökümsövuna gəlincə isə yeməli olduğu bildirilir.


Akif Kərimov sakin
“Şanagülənin tumu yaşıl olanda onu soyub yemək rahat olur. Onun üst qabığı, yaşılı soyandan sonra ağ ləpə çıxır. Ləpəni sındırıb içində yaşıl toxum kimi bir şey var. O toxum acı olduğuna görə onu yemirlər. Onun ağ ləpəsini yeyirlər. Necə yediyimiz fındıq kimidir onun da dadı elə olur”.


Bioloq Elmira Abıyeva bildirir ki, şanagüllənin toxumu və kökümsovu yeyilsə də mütləq diqqətli olmaq lazımdır. Əks halda bu gözəllik insan orqanizmini zəhərləyə bilər. Düzgün qəbul edilərsə müalicəvi əhəmiyyətini isə görmək mümkündür.


Elmira Abıyeva bioloq
“Bu bitkinin saplağı və iç cücərtisi zəhərli olsa da, digər başqa hissələri çox böyük əhəmiyyətə malikdir. Belə ki, toxumları və kökümsovu yeyilir. Məlum olmuşdur ki, şanagüllə bitkisinin toxumlarından baş ağrısı müalicəsində istifadə olunur.


2 metr dərinliyi olan axmazlarda, eləcə də asta axan şirin su hövzələrində təbii yolla artan nəsli kəsilməkdə olan tropik bitki 1989-cü ildən “Qirmizi kitab”a salınıb. Onu da bildirək ki, əgər şanagüllənin qorunmasına diqqət yetirilməsə gələcək nəsillərimiz bu gözəllikdən məhrum ola bilər.


Hindisstanda yox, Neftçalada bitən lotos gülündən, yəni şanagüllədən söhbət açacaq.
Hindisstanda yox, Neftçalada bitən lotos gülündən, yəni şanagüllədən söhbət açacaq.
Hindisstanda yox, Neftçalada bitən lotos gülündən, yəni şanagüllədən söhbət açacaq.



Səmil Şahlar oğlu Quiyev