Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır

bolge

20034

Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
Hacıqabullu kümçülər üç ildir ki, ipəkqurdu bəsləyirlər. Ölkədə bu ənənəvi sahənin inkişafına yenidən önəm verilməsi kümçülər tərəfindən sevinclə qarşılanıb. İndi onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər. Bunun nəticəsidir ki, kümçülərin sayı ilbəil artır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il rayonda 33 ailəyə 78 qutu ipəkqurdu toxumu paylanılıb və 1924 kiloqram məhsul istehsal olunub. Bu mövsüm isə 59 ipəkçi ailəsinə 120 qutu (2280 qram) ipəkqurdu toxumu paylanılıb. Kümçülər mütəxəssislərin məsləhətlərindən yararlanaraq qurdlara aqrozootexniki qaydada qulluq edirlər. Artıq işin son mərhələsidir. Yaxın günlərdə rayonda barama tədarükünə başlanılacaq.
Kümçü Şamo Həsənov sovet dönəmində də baramaçılıqla məşğul olub və bu sahədə yaxşı təcrübəyə malikdir. “Rayonda barama istehsalına yenidən başlanılması mənim də ürəyimcə olub. Ötən il 86 qram ipəkqurdu toxumundan 200 kiloqram məhsul götürmüşəm. Bu il isə 120 qram ipəkqurdu toxumu götürüb bəsləyirəm. Mütəxəssislərin dediyinə görə, bəslədiyim ipəkqurdundan 300 kiloqramdan çox barama əldə olunacaq ki, bu təxminən 3 min manat gəlir deməkdir”.
Qeyd edək ki, bu il Hacıqabulda 4 tondan çox barama istehsal olunacağı nəzərə tutulur.