Biləsuvarda 9 min hektaradək sahəyə çiyid səpilib

bolge

240408

Biləsuvarda 9 min hektaradək sahəyə çiyid səpilib
Biləsuvarda çiyid səpini uğurla davam edir. Ötən il pambıq plantasiyalarından 22 min 394 ton xam pambıq toplayan biləsuvarlı əkinçilər cari ildə 12 min hektar sahədə pambıq əkməyi planlaşdırırlar. Bunun üçün 1481 məhsul istehsalçısı ilə müqavilə bağlanıb və onlar lazımi texnika, toxum ilə təmin olunub və digər köməkliklər göstərilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səpin kampaniyasına mütəşəkkil başlayan pambıq istehsalçıları qısa müddətdə 8 min 917 hektardan çox sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə ümumilikdə 200-250 hektar sahəyə çiyid səpilir.

Səpin aparılmış sahənin 4 min 972 hektarı “MKT-İK” MMC-yə, 1822 hektarı “AZƏRPAMBIQ” MMC-yə, 2007 hektarı “P-AQRO” MMC-yə, 1016 hektarı isə “Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur. Məhsul istehsalçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.

Qeyd edək ki, ilkin səpin aparılmış 856 hektar sahədə yaxşı bitiş alınıb.